Qara mamba
Gümüşü şərid kimi Qarabağla Qaradağı ayıran Arazın üzərində ikindi vaxtı yaranan çən, günəş qüruba enincə, quzeyə sürünərək dağların zirvəsinə qalxır, üzərindən keçdiyi hər şeyi kəm gözlərdən qorumaq istəyirmiş kimi, ağ qanadlarının altına alaraq örtüb-bürüyürdü. Bir tərəfdən də günlərdir, aramsız çisələyən güz yağmuru gecənin zülməti və dumanla birləşdiyindən burnunun ucundan o tərəfi görmək mümkün deyildi. Belə havalarda verilmiş koordinatlar üzrə bir yerdən başqa yerə azmadan gedə bilmək üçün böyük bacarıq, illərin təcrübəsi lazım gəlirdi.