Sərhəd hərəkatı – 35
Bir imperiya xəyal edin…
Gündoğandan günbatana uzanan cüssəsinin vahiməsi ilə dünyanı lərzəyə salan, ağzından alov püskürən, cəhənglərindən qan şoralanan, önünə gələni oraqla kəsən, çəkiclə əzən qırmızı imperiya…
bu imperiyanın qabağında duruş gətirə bilmək… Onun KQB və milis adlı iki dəmir pəncəsinin kölgəsi altında özü ilə bərabər yeddi göbək sülaləsinin də gələcəyini təhlükəyə ataraq istiqlal məfkurəsi uğrunda durmadan, dayanmadan mübarizə aparmaq… Fəaliyyətləri aşkar olunacağı təqdirdə kommunist nomenklaturasının ətrafında formalaşdırılan “sovet insanının” ictimai qınağına tuş gələcəklərini bilərək başları ətəklərində, üçrəngli bayraq qəlblərində, ruhları azadlıq dirəyindən asılı halda mübarizə aparmaq… Bəli, məhz bu idi həyatlarını heçə sayıb, dar ağacına salam verənlərin, canlarını milli məfkurə yolunda qurban verənlərin, istiqlal fədailərinin həyat yolu…
Nə yazıq ki, istiqlalı cənnət, istibdadı cəhənnəm bilən, idealları, amallarından başqa gözlərinə bir şey görünməyən o igidlərin xatirələri kağıza köçürülüb qəhrəmanlıqları layiqincə qiymətləndirilmədən, keçdikləri şərəfli həyat yolu tədqiqat obyektinə çevrilmədən birər-birər dünya adlı səhnəni tərk edib getməkdədirlər… Ölümün gözünə dik baxdıqları, tankların qarşısına əliyalın çıxdıqları, sinələrinə tuşlanmış silahların gətirəcəyi ölümü mətanətlə qarşıladıqları, haqdan-ədalətdən əsər olmayan səhnədən…
Bu gün yurdumuzdakı rus işğalına, sovet istibdadına son qoyan milli azadlıq hərəkatının önəmli mərhələlərindən birinin, sərhəd hərəkatının otuzbeşinci ildönümüdür…
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əsasında dayanansərhəd hərəkatının ildönümü…
O gün Naxçıvanı vətənimizin Güneyindən ayıran “dəmir pərdə” boyunca arxalarındakı zirehli texnikalardan aldıqları dəstəklə əyinlərində zirehli gödəkcə, başlarında dəbilqə, əllərində avtomatlarla silahlanmış minlərlə sovet əsgərləri düzülmüşdü… Amma nə istiqlal fədailərinin inadını qırmaq mümkün idi, nə də şüuraltında “mən” baryerini qıraraq “biz” zirvəsinə yüksəlmiş on minləri yolundan döndərmək…
Ya sərhəd boyunca düzülmüş igidlərimizin cismi ana torpağa, ruhu göylərə qovuşacaq, ya da dünya tarixində bir pərdə enəcəkdi…. Və necə ki, endi də. Artıq 31 dekabr 1989-cu ildən sonra heç nə əskisi kimi olmayacaqdı. Necə ki, olmadı da… Sərhəd boyuna toplanmış on minlər dünya tarixini əbədiyyən dəyişdirdilər…
Sərhəd hərəkatı nağıl deyildi, heç röya da deyildi, gerçək bir əfsanə idi. Qəfəsə salınmış Boz qurd misalı doğulduqları, böyüdükləri dəmir qəfəsə alışa bilməyən, boğulan, qəlbləri təngə gəlib ruhları sıxılan, azadlıq eşqiylə ya onu parçalayıb dağıtmaq, ya da məhv olmaq istəyən kişilərin əfsanəsi…
Əllərindəki məftilkəsən qayçılarla, kəlbətinlərlə irəliləyən – ya hamımız öləcəyik, ya vətənimizi bölən, qardaşı qardaşdan ayıran lənətə gəlmiş istehkam qurğularını dağıdacağıq, – deyib inadından dönməyən kişilərin əfsanəsi…
Bu gün-sabah igidlərimizin qəhrəmanlıqları əsasında mifik hekayələr yaranacaq. Gerçəklər əfsanələşdirilərək anlatılacaq, riyadan çəkilmiş duman buludu arxasında görünməz olacaq.
Necə ki, bəziləri başımız üstündə qürurla dalğalanan üçrəngli bayrağımızın kölgəsi altında yumşaq kreslolarında ayaqlarını ayaqlarının üstünə atıb əllərindəki son model telefonlarla milli azadlıq və sərhəd hərəkatını xor görən statuslar yazırlar.
Və bir şair istəyirəm, o qəhrəmanları tərənnüm edəcək bir əsər yazsın, adı da “Millət haqqında ballada” olsun… Olacaqmı? Bilmirəm…
Zaur Bayramoğlu