Haqqımda

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı-publisist, I qrup hərbi əlil Zaur Bayram oğlu Muradov 10.08.1978-ci ildə Naxçıvan MR Culfa rayon Milax kəndində ziyalı ailəsində doğulub. 1995-ci ildə Milax kənd orta məktəbini əla qiymətlərlə bitirərək, M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Müəyyən səbəblərdən təhsilini qiyabi şöbədə davam etdirməli olduqdan sonra 1999-cu ilin 13 yanvarında hərbi xidmətə yollanıb. Naxçıvan MR Şərur rayonu Qıvraq kəndində yerləşən hərbi hissədə xidmət edən Zaur Bayramoğlu həmin ilin aprel ayında xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən kiçik çavuş rütbəsi ilə təltif olunub. İyul ayında qatıldığı XTQ seçmələrini uğurla keçərək 13 sentyabrda təhsil almağa göndərilib. 26.02.2000-ci ildə kursu birinciliklə bitirərək 052 saylı hərbi hissədə xidmət etməyə başlayıb. 26.07.2001-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən aldığı mina partlayışı nəticəsində ağır travma alıb, gözlərini itirib və altı barmağı qismən amputasiya olunub.
Səhhəti üzündən öz sevdiyi hərbçi peşəsindən məhrum olan Zaur Bayramoğlu mübarizəsini davam etdirmək üçün qələmini silaha çevirərək, mətanətli Azərbaycan əsgəri obrazını bütün varlığı, həyatı ilə ən gözəl şəkildə təmsil edir. Hal-hazırda dünyanın yeganə sol əlinin iki barmağı ilə yazan, gözdən əlil, beyni qəlpələrlə dolu, ağır kontuziyalı yazarıdır.
Yeniyetmə dövründən ədəbiyyata meyl edən qazi-yazarın ilk oçerki 1991-ci ildə Culfa rayonunun “Zəfər” qəzetində yayımlanıb. 1997-1998-ci illərdə müxtəlif məzmunlu yazılarla “Cümhuriyyət” və “Veteran” qəzetlərində çıxış edib. 2007-ci ildən başlayaraq yenidən mediada çıxış etməyə başlayan Zaur Bayramoğlunun müxtəlif povest, hekayə, esse və oçerkləri “Millətim”, “Ədəbiyyat”, “525-ci qəzet”və s. qəzetlərdə, həmçinin “Sənət dünyası”, “Azərbaycan”, “Ulduz” dərgilərində və müxtəlif saytlarda dərc olunub.
Zaur Bayramoğlunun “Döyüşlə kəşfiyyat”, “Öz üzərində qələbə”, “Adını sən qoy”, “Alabaş”, “Qara mamba”, “Yolda”, Fədailər” adlı kitabları Azərbaycanda, “Adını sen koy” adlı kitabı isə müəyyən əlavə və dəyişiklərlə türkcəyə çevrilərək qardaş Türkiyədə – Ankarada yayınlanıb.
Ailəlidir, üç övladı var.
Qızı Türkay Muradlı (04.05.2004) Bakı Avrasiya Universiteti İT mütəxəssisi fakültəsində təhsil alır.
QızıTürkan Muradlı (30.12.2016) orta ümumtəhsil məktəbinin I sinfində oxuyur.
Qızı Aysu Muradlı – 24.01.2019-cu il təvəllüdlüdür.