Yurd

I

1987

Millət eşqi ilə yaşayan vətənpərvər ziyalıların yaratdığı “Varlıq” cəmiyyəti ictimai-siyasi həyatın aktivləşməsinə əhəmiyyətli təsir göstərirdi. Burada təmsil olunan ziyalıların dərs dedikləri auditoriyalarda da müzakirələr başlanmışdı. Tələbələr tənəffüslərdə, ya da yataqxanalarda müəllimlərinin dərslərdə ortaya atdığı bəzi məsələləri müzakirə edir, söhbətləri azadlıq və istiqlal həsrətli cümlələrlə bitirdi. Və bütün bunların sayəsində milli-azadlıq məfkurəsi gizlidən-gizliyə də olsa, ali təhsil ocaqlarında sürətlə yayılırdı. İctimai həyatın hər sahəsinə nüfuz edən DTK təzyiqi isə hələ də gəncləri ürəklərində yaşatdıqları duyğuların aşkara çıxmasına mane olurdu…

Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin tələbələrindən Əlisəfa və Qənimət iki saylı yataqxanadakı otaqlarında seminara hazırlaşırdılar. Əlisəfa uzandığı çarpayıda dikəlib oturaraq əlindəki kitabı qatlayıb pəncərəyə qoydu. Çəkələklərini ayaqlarına geyinib otaqda var-gəl etməyə başladı. Qənimət oxuduğu kitabdan başını qaldıraraq:

  • Nə olub, Əlisəfa? – deyə soruşdu. Əlisəfa ayaq saxlayıb düşüncəli-düşüncəli onu başdan ayağa süzdü, gözlərinin içinə baxaraq:
  • Bəlkə, biz də bir təşkilat yaradaq?

Qənimət yerində qurcuxaraq gözlərini döydü:

  • Nə təşkilat?

– Gizli təşkilat, – deyə Əlisəfa geri çəkilib çarpayısında əyləşərək davam etdi, – ziyalılarımız “Varlığ”ı yaradıblar, orada fəaliyyət göstərirlər. Biz də tələbələrin arasında bir təşkilat yaradaq. Tələbə yoldaşlarımızın arasından yaxşı oxuyan, vətənpərvər, həm də ağzıbütöv olanları seçib orada təşkilatlanaq.

  •  Maraqlı təklifdir, amma uşaqları ora necə cəlb edəcəyik? Elə ikimizlə olmaz ki…

Əlisəfa illər öncəsindən beynində qurub-yaratdığı, hər şeyini ölçüb-biçdiyi təşkilatı Qənimətə izah etməyə başladı:

  •  Gəl sənə bir söz deyim. Birincisi, təşkilatımızı DTK xəfiyyələrinin gözlərindən iraq tutmaq üçün əsl məramımızı inanılmış üzvlərimizdən başqa, hər kəsdən gizli saxlayacağıq. Özümüzü elə göstərəcəyik ki, guya bizim bu təşkilatı yaratmaqdakı məqsədimiz tarixi abidələrimizi və maddi-mədəni irsimizi qoruyub təbliğ etməkdir. Altdan-altdan da öz işimizi görəcəyik. Açıqladığımız məram sayəsində millətçi, vətənpərvər gənclərimizi lazım olan an meydanlara çıxarmaq üçün təşkilatlandıracağıq. İkincisi, biz ikimiz inandığımız yoldaşlarımızı gizli təşkilatımız barədə məlumatlandırıb istəyənləri ora cəlb edəcəyik. Onlar da ətraflarından seçdikləri dostlarını gətirəcəklər. Beləcə, zəncirvari şəkildə artıb çoxalacağıq.

Qənimətin gözləri güldü, təbəssümlə:

  •  Oldu, Əlisəfa, mən bu təşkilata ilk namizədim olaraq ən inanılmış tanışım Seymuru təklif edirəm.

Əlisəfa sevinclə ayağa qalxaraq:

  •  Mən də Qorxmazla danışacağam. Birinci kurs olsa da, çox ürəkli oğlandır, həm də millətçidir, – deyə öz dostunun namizədliyini irəli sürdü.

Qənimət onun təklifini bəyəndi:

  •  Onda sən Qorxmazla danış, mən də bir Seymurun ağzını arayım. Alınsa, sabah dördümüz birlikdə görüşüb yeni təşkilatımızın təməlini atarıq.

Ertəsi gün yataqxananın ikinci mərtəbəsində, Seymur yaşayan otaqda görüşdülər. Gecə yarısınadək davam edən müzakirələrdən sonra təşkilatın fəaliyyət istiqaməti və görəcəyi işlər razılaşdırıldı. Sonrakı günlərdə keçirilən məsləhətləşmələrdə təşkilatın “Yurd birliyi” adlandırılması qərara alındı.

Noyabr ayının əvvəllərinədək universitetin müxtəlif fakültələrində təşkilatlanmaq üçün çalışan “Yurd” üzvləri aralarında keçirdikləri iclaslarda təşkilatın proqramını və nizamnaməsini qəbul etdilər. Ayın on doqquzunda keçirilən iclasda isə yekdilliklə təşkilatın ideya müəllifi və ilk təşəbbüskarı olan Əlisəfa Qədirov sədr seçildi.

Bütün bunlar baş verərkən “Yurd” rəhbərliyi universitetdəki “Xüsusi şöbə”nin buz kimi soyuq baxışlarının üzərlərində olduğunu hiss edirdi. Əlisəfa və Qorxmaz xəfiyyələrin diqqətini yayındırmaq üçün İçərişəhər tarixi memarlıq qoruğuna gedib rəhbərliyə birliyin köməyini təklif etdilər. Razılaşmaya əsasən, tələbələr həftənin müəyyən günləri qoruğun ərazisinə gələrək qazıntı işlərində iştirak edəcək, ətrafın təmiz saxlanılması üçün iməciliklər təşkil edəcəkdilər. Təklifləri qəbul olundu. Onların əməyi sayəsində hamam kompleksinin yüz illərdir torpağın altında qalan hissələri də aşkarlanaraq üzə çıxarıldı, digər əhəmiyyətli kəşflər edildi.

“Yurd” qısa müddət ərzində təşkil etdiyi konfranslarla ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa başlamışdı. Məhz onların maddi-mədəni irsin qorunmasında göstərdiyi aktivlik sayəsində Araz çayı üzərində layihələndirilən su bəndi inşaatının qarşısı alınaraq qədim Xudafərin körpüsü sular altında qalmaqdan xilas edildi.

Bütün bunlar “Yurd”u ali təhsil müəssisələrində məşhurlaşdıraraq, üzvlərinin sayının sürətlə artmasına kömək edirdi. Bu fəaliyyətləri həm onlarla hakimiyyət dairələri arasında birbaşa ünsiyyət yaranmasına səbəb olur, həm də qəlbi azadlıq atəşi ilə alışıb-yanan gəncləri şübhəçi gözlərin kəmfürsət baxışlarından qoruyurdu.

Səksən yeddinci ildən etibarən Qərbi Azərbaycanda və Qarabağda fəallaşan ermənilər azərbaycanlıları öz yurdlarından çıxarmaq üçün müxtəlif provakasiyalara başlamışdılar. “Dənizdən-dənizə Ermənistan” xəyalını gerçəkləşdirmək istəyən diaspor nümayəndələri işlərinə yardım etsin deyə Fransada Raisa Qorbaçovaya rüşvət belə vermişdilər. Sovet hakimiyyət dairələrində təmsil olunan haylar da gələcəkdə işlərinə mane olmamaları üçün Moskvadakı məmurları ələ almağa çalışırdılar. Yerlərdəki ziyalıları isə “Türksüz Hayastan” tələblərini daha yüksək tonda səsləndirməyə başlamışdılar. Milli zəmində gərginləşən münasibətlər fonunda ilk toqquşma Qafanda baş verdi. Fevralın əvvəllərində bu rayonda yaşayan azərbaycanlıları yurdlarından çıxarmaq üçün zor tətbiq etdilər. Nəticədə orada bir nəfər dinc sakin vəhşicəsinə öldürüldü. Xəbər Bakıda qəzəblə qarşılandı. Ayın on səkkizində təcili toplaşan “Yurd” rəhbərliyi ertəsi gün üçün mitinq təşkil etdi. Politexnik İnstitutunun və digər ali məktəblərin fəal tələbələrinə də sabahkı mitinq barədə xəbər verildi. Çıxış nöqtəsi olaraq universitetin önü təyin olunmuşdu.

Səhər tezdən universitetin binasının önünə gələn Qorxmaz, Qənimət, Əlisəfa və Seymurun koordinatorluğunda giriş qapıları tutuldu. Dərsə gələn tələbə-müəllim heyəti mitinq keçiriləcəyini eşidəndə çoxlarının üz ifadəsi dəyişildi. İndiyədək görünməmiş bir tədbirin iştirakçısı olacaqlarından həyəcanlı idilər. Əsəbləri tarıma çəkilmiş, üz cizgiləri gərginlikdən sərtləşmişdi, hətta qorxub-çəkinənlər belə var idi. Bir xeyli adam yığıldıqdan sonra girişin yaxınlığındakı skamyanın üzərinə çıxan Qorxmaz sözə başladı:

– Yoldaş müəllimlər və tələbələr! Bu gün bura toplanmağımızın səbəbi Ermənistanda baş verən hadisələr fonunda soydaşlarımızın incidilməsi, onların min bir əzab-əziyyətlə tikib-yaratdıqları ev-eşiklərindən zorla çıxarılaraq yurd-yuvalarından didərgin salınmasıdır. Bildiyiniz kimi, müxtəlif faşist yönümlü erməni cəmiyyət və təşkilatlarının uzun müddətdir ki, sistemli şəkildə apardıqları beynəlmiləlçilik və xalqların qardaşlığı prinsiplərinə tamamilə zidd təbliğat-təşviqat işləri nəticəsində soydaşlarımızın bu gün Ermənistan SSR tərkibində yaşamaları qeyri-mümkün hala gəlmişdir. Təəssüflər olsun ki, Ermənistan öz ərazisindəki bu illeqal cəmiyyətlərin fəaliyyətlərinə göz yumarkən bizim Mərkəzi Komitə və Ali Sovetimiz də eyni qaydada susaraq Moskvanın ağzına baxmaqdadır.

Qorxmaz danışdıqca ürəklənib üzərlərindəki repressiya xofunu atan mitinq iştirakçıları onun çıxışını alqış və fit səsləri ilə kəsərək Mərkəzi Komitənin və Ali Sovetin ünvanına istefa şüarları səsləndirməyə başladılar. Onların sakitləşməsini gözləyən Qorxmaz davam edirdi:

  •  Mən sizə təklif edirəm ki, buradan birbaşa Mərkəzi Komitəyə yollanaq. Orada rəhbər şəxslərlə görüşüb Azərbaycan ali məktəblərinin müəllim-tələbə kollektivi adından etirazımızı bildirək, tələblərimizi səsləndirək, təkliflərimizi verib məsələnin həll olunmasını gözləyək

Qorxmazın çıxışı bir daha alqış və “ura” sədalarıyla kəsildi. Bayaqdan mitinqə yarıxoş, yarıkönül toplanan insanlar artıq ürəklənmişdilər. Onların baxışlarındakı cəsarəti görən Qorxmaz irəli düşüb kütləni ardınca aparmaq üçün bayaqdan kürsü kimi istifadə etdiyi skamyadan endi. Qolundan bir əl tutub onu saxladı. Əlin sahibinin kimliyini öyrənmək üçün geri dönəndə universitetin rektoru Yəhya Məmmədovla göz-gözə gəldi. Yəhya müəllim titrəyən səslə:

  •  Bala, dağılışın, çıxın gedin dərsinizə, – dedi.

Qorxmaz qarşısındakı insanın ata qayğıkeşliyi ilə onun üçün narahat olduğunu hiss etdi. Köksü qabardı, gülümsəyərək:

  •  Müəllim, mənim üçün narahat olmayın, biz Mərkəzi Komitənin önünə gedərək tələblərimizi bildirib dönəcəyik.
  •  Oğlum, harada görünüb ki, tələbə nümayiş eləsin? Sizi incidərlər, tutarlar, repressiya eləyərlər. Hamınız ağıllı, savadlı gənclərsiniz, sizlər bu ölkənin, bu millətin gələcəyisiniz. Heyif olub gedərsiniz…

Qorxmaz qolunu Yəhya müəllimin əlindən çəkərək:

  •  Biz millətimiz qarşısında məsuliyyətimizi anladığımız üçün buradayıq. Bu yolda hər kəs qazanmaz. Əlbəttə, itirənlər də olacaq. Mən bu millətin bir fərdi kimi vətənim uğrunda nəinki itirənlərdən olmağa, hətta canımdan da keçməyə hazıram, – deyərək onun yanından aralandı, Əlisəfagilin başçılığı ilə universitetin həyətindən çıxıb Mərkəzi Komitəyə doğru yollanan nümayişçilərə qoşuldu.

Bu, “Yurd birliyi”nin Azərbaycanın siyasi həyatındakı ilk mitinqi idi. Uğurlu alınmış, bəzi nəticələr əldə olunmuşdu.

Təqvim yarpaqları bir-birini əvəz etdikcə gecələr qısalır, gündüzlər uzanır, ölkənin siyasi həyatı qaynayırdı. May mitinqlərindən əvvəl Əlisəfa yataqxanadakı otağında “Yurd”un təsisçilərini topladı və onların diqqətini mühüm bir məsələyə yönəltdi:

  •  Yoldaşlar, artıq birliyimiz ilk yarandığı vaxtlardakı kimi deyil. Həm üzvlərimizin sayı, həm də əhatə miqyası baxımından çox böyüyüb. Bir tərəfdən də, ölkənin ağır ictimai-siyasi vəziyyəti birliyin idarə edilməsində çətinlik yaradır. Axı biz hamımız tələbəyik, həm dərslərimizi oxumaq, həm də birliyin işləri ilə məşğul olmaq çox çətindir. Ümumi işimizi axsatmamaq üçün təklif edirəm ki, sədr sistemini ləğv edərək sədarət sisteminə keçək.

Əlisəfa sözlərini bitirib baxışlarını yoldaşlarının üzlərində gəzdirdi. Üçü də susurdu. O bir daha soruşdu:

  •  Hə, qardaşlar, nə deyirsiniz?

Qənimət qaşlarını çataraq cavab verdi:

  •  Əlisəfa, başqa vaxt olsa, qəbul etməzdik. Ancaq imtahan sessiyası yaxınlaşdığından səni anladığımızı düşünürəm. Bir də fikrini sonadək açıqlamadın axı. Sədarət deyərkən tam olaraq nəyi nəzərdə tutursan? İkilimi, üçlümü, yoxsa dördlümü?

Əlisəfa önündəki çaydan bir qurtum aldı, stəkanı ovuclarının arasında gizlədərək cavab verdi:

  •  Dördlü sədarət çoxbaşlılığa səbəb ola bilər. məncə, ikili və ya üçlü sədarət sistemi daha münasibdir. Amma yenə də qərarı birlikdə alacağıq.

Qorxmaz önə əyilib dirsəklərini masaya söykədi, yumruğunu digər ovcunda oxşayaraq öz fikrini bildirdi:

  •  Məncə, üçlü sədarət olsun. Aramızdan namizədlərimizi verək, birliyin idarə heyətinin toplanışında səsverməyə qoyarıq.

Əlisəfa Seymura tərəf döndü:

  •  Sənin fikrin nədi, qardaş?
  •  Qorxmazla razıyam. Sabah idarə heyətinin toplanışında namizədlərimizi irəli sürərik. Baxaq, bəlkə, həmsədrlik üçün yeni namizədlər də oldu. Məsələni səsvermə ilə həll edərik, qurtarıb gedər.

Qənimət:

  •  Qardaşlar, bu arada mən sədarətdə təmsil olunmaq kimi ağır məsuliyyətin altına girmək istəmirəm. İstənilən halda bizim birimiz kənarda qalacağıq. İcazənizlə, o şəxs mən olum. Amma sizin üçünüzün də həm namizədliyinizi dəstəkləyirəm, həm də seçildikdən sonra yanınızda olacağam.

Beləcə, birliyin idarəetməsində üçlü sədarət sisteminə keçildi. Bu sistem ta payızadək effektiv şəkildə çalışacaq, on yeddi noyabr ərəfəsində yenidən tək sədr sisteminə dönüləcəkdi…

II

Elçin ilk kursdaca yataqxanadakı tələbə yoldaşları tərəfindən “Yurd birliyi”nə cəlb olunmuşdu. O, birliyin tədbirlərində aktiv şəkildə iştirak edirdi. Gah İçərişəhər qoruğunda qazma-kürək götürərək arxeoloqlara yardım edir, gah da şəhər ətrafında yerləşən müxtəlif qala və malikanələrin təmir-bərpa işlərində çalışırdı.

Qış sessiyasından sonra Qorxmaz onu yataqxanadakı otağına dəvət etdi. Oturub çay içdilər. Bir az Armudludan, Elçinin atasıgilin gəldikləri torpaqlardan söhbət etdikdən sonra Qorxmaz mətləbə keçdi:

  •  Elçin, mən şadam ki, sənin kimi vətənpərvər, mübariz oğlan bizim birliyimizin üzvüdür.

– “Yurd”un üzvü olmaq, tədbirlərində iştirak etmək mənim də xoşuma gəlir, zövqümü oxşayır.

Qorxmaz ayağa qalxdı, pəncərənin önünə gələrək əllərini sinəsində qovuşdurub bir neçə saniyə şəhərə tamaşa elədi. Anidən dabanlarının üstündə geriyə fırlanıb:

  •  Elçin, bilirsənmi, səni bura çağırma səbəbim nədir? – deyə soruşdu.

Elçin sualı gözləmədiyindən bir anlıq duruxdu. Qısa sükutdan sonra qaşlarını çataraq:

  •  Yox, ay Qorxmaz, hər nəyə çağırmısansa, bilmirəm, deyərsən, bilərəm.

Qorxmaz gəlib onun önündə əyləşdi:

  •  Bilirsənmi, qardaşım, bizim gizli təşkilatımız var. İstəyirəm ki, sən də o təşkilata üzv olasan.

Elçin stulun arxasına söykənib Qorxmazı diqqətlə süzdü. Sanki baxışları ilə onu rentgendən keçirib əsl məqsədini öyrənmək istəyirdi. Bir neçə saniyə üz cizgilərini, mimikasını incələyib:

  •  Nə təşkilatı, Qorxmaz? – deyə soruşdu.
  •  Dedim axı, gizli təşkilat. Ora ancaq vətənpərvər, millətçi gəncləri toplayırıq. Məqsədimiz Azərbaycanımızın istiqlaliyyəti uğrunda mübarizə aparmaq, buna nail olmaqdır.
  •  Mən bilən, Əbülfəz müəllimin bu məqsədlə yaradılmış təşkilatı var. Ondanmı bəhs edirsən?
  •  Yox, Elçin, mənim bəhs etdiyim təşkilat tam başqadır. Əgər üzvümüz olmaq istəsən, sənə bu barədə məlumat verərəm.

Elçin heç düşünmədən:

– Bəli, üzv olmaq istərdim, – deyə qətiyyətlə cavab verdi.

– Bilirsən, bu yolda universitetdən qovulmaq var, həbs olunmaq var, repressiyaya uğrayıb Sibirə sürgün olunmaq var.

Elçin gülümsünərək:

– Qorxmaz, sən mənim qorxaq olduğumu düşünürdünsə, niyə sirrini mənə açırdın? – deyə soruşdu.

– Yox, Elçin, ürəkli oğlan olduğunu bildiyim üçün sirrimi açdım. Sadəcə, bunları xatırladıram.

– Xatırlatmana ehtiyac yoxdur. Sizlər vətən eşqiylə, milli duyğularınızla bu yola çıxmısınız. Düşünün ki, mən əlavə olaraq Sovet hökumətinin ailəmin, yaxınlarımın başına gətirdikləri üçün onlara nifrət edirəm. On illər boyu ölkəmizi çapıb-talayan, insanlarımıza olmazın zülmlər edən, beynəlmiləlçilik nağıllarıyla başımızın altına yastıq qoyub torpaqlarımızı erməniyə peşkəş edən, rəhbər vəzifələrə qeyri-millətləri otuzdurub bizi adam yerinə qoymayan bu quruluşu bağışlamam mümkün deyil. Əgər məni aranızda görmək istəsəniz, məmnuniyyətlə sizə qatılaram.

Qorxmaz əyləşdiyi stuldan qalxdı. Yaxınlaşıb Elçini qucaqlayıb öpdü:

– Mən belə də bilirdim, Elçin, sənin qəlbindəki mübariz ruh gözlərindən oxunur. Aramıza xoş gəldin.

– Təşəkkür edirəm, indi zəhmət olmasa, mənə təşkilatımızla bağlı məlumat ver.

– Narahat olma, Elçin, mən sənin barəndə digər yoldaşlarımızla da danışacağam. Zaminin olaraq sənin də aramıza qatılmanı olardan rica edəcəyəm.

Elçin getmək üçün ayağa qalxdı, sağollaşıb ayrıldılar….

III

Elçin “Yurd”un gizli bölməsinə üzv olduqdan sonra birliyin tədbirlərində daha ciddi-cəhdlə iştirak edirdi. Sanki onun “Yurd birliyi”ndəki hər fəaliyyəti Sovet hökumətinin, bolşevik Rusiyasının ömründən bir kərpic alır, sonuna bir addım daha yaxınlaşdırırdı.

Xəyalında Sovet hökumətinin yıxılacağı günləri canlandırırdı. Ucsuz-bucaqsız imperiyanın gil ayaqlı nəhəng kimi gurultu ilə olduğu yerə çökərkən çıxaracağı səs-küyü, qaldıracağı tozanağı xəyal edir, dodağı qaçırdı. Və hər dodağı qaçdıqca da işinə daha şövqlə sarılırdı…

IV

Ermənilər kimya zavodu tikmək bəhanəsi ilə Topxana meşələrini qırmaq istəyir, Azərbaycan hökuməti isə onlara müqavimət göstərməyə çalışırdı. Amma bir az bacarıqsızlıqlarından, bir az da nomenklaturaya sədaqətlərindən milli maraqlarımızı qorumaqdan aciz idilər. Hadisələr getdikcə kəskinləşirdi. münaqişə zavod inşasından sürətlə tam da ermənilərin istədiyi yönə, milli zəminə keçməkdə idi. DQMV və ətraf ərazilərdə münaqişənin ilk alovunu söndürmək üçün fövqəladə vəziyyət elan olunsa da, bu sabitliyin yaradılmasından çox, yerli azərbaycanlıların sıxışdırılmasına kömək edirdi.

Noyabrın əvvəllərində yazıçı Anar başda olmaqla bir qrup ziyalı meşələrin qırılmasına etiraz bəyanatı verdilər. Bunun ardınca İrəvana danışıqlar aparmaq üçün göndərilən Abdulla İbrahimov, Nail Fətullayev və digərlərindən ibarət nümayəndə heyətini aeroporta daxil olan erməni qadınlar təyyarədən düşmələrinə icazə verməyərək geri qaytardılar.

Noyabrın 9-da “Yurd birliyi”nin idarə heyətinin iclası keçirildi. Qızğın mübahisələrdən sonra hadisələri yerində öyrənmək üçün ən azı iki nəfərin Şuşaya ezam edlməsi qərara alındı. Söz alan Əlisəfa tribunaya gələrək:

– Könüllü olaraq Şuşaya getmək istəyən varmı? – deyə soruşdu. Qorxmaz ayağa qalxdı:

– Biri mən, elə günü sabah getməyə hazıram.

Əlisəfa nəzərlərini Qorxmazdan çəkib idarə heyətinin digər üzvlərinə göz gəzdirdi:

– Hər halda Qorxmazı tək göndərməyəcəyik. Başqa getmək istəyən varmı?

Bahəddin ayağa qalxaraq:

– Mən də getmək istəyirəm, – deyə özünün namizədliyini irəli sürdü. İclasda Bahəddinlə Qorxmazın “Yurd birliyi” adından Qarabağa ezam olunaraq Şuşada davam edən konfransa qatılmaları qərara alındı.

Ertəsi gün dəmiryolu ilə yola salınan ikili Ağdama gəldi. Burada yerli fəallar tərəfindən qarşılanaraq konfransın işində iştirak etmək üçün Şuşaya yola salındılar. Fövqəladə vəziyyətə nəzarət edən əsgərlərdən gizlicə şəhərə daxil olan “yurd”çuları “Şuşa” qəzetinin redaktoru Əli müəllim qarşılayıb konfransa apardı.

Qorxmazgil salona daxil olanda Fətəliyev tribunada İrəvandan necə təhqiramiz şəkildə qovulmalarından danışırdı. Ondan sonra söz alan natiqlər meşələrin qırılmasını önləmək üçün hərəsi bir ideya irəli sürsə də, bu təkliflər, əsasən, boşboğazlıqdan başqa bir şey deyildi. Natiqlərdən biri:

– Yoldaşlar, Topxana meşələrində xarıbülbül adlı nadir bitki var, – dedi və bir an susub salonda əyləşən iştirakçılara baxdı. Onların verə biləcəyi reaksiyanı fikrində ölçüb davam etdi, – gəlin Moskvaya bu bitki haqqında yazaq və Topxana meşələri qırılarsa, xarıbülbülün də məhv olacağını əsas gətirərək ərazidəki işin dayandırılmasını tələb edək.

Nail Fətullayev gözləmədiyi anda xilas yolu tapmış kimi sevinərək onun bu təklifini bəyəndiyini bildirdi:

– Xarıbülbül bitkisi ilə bağlı hansısa sənəd-filan varmı?

Bayaqdan susub natiqləri dinləyən Qorxmaz daha artıq dözə bilmədi. Yerindən qalxaraq iti addımlarla tribunaya yaxınlaşdı. Dönüb bir sədarətə, bir konfrans iştirakçılarına baxdı. Əsəbindən, həyəcanından əlləri əsir, puçur-puçur tər tökürdü. Boğazını arıtlayıb:

– Yoldaşlar, siz nə deyirsiniz? İndi Şuşa camaatı xarıbülbülün sertifikatını çıxarıb dünyanın bütün ölkələrinin botanika institutlarına göndərsin ki, sizdə bu bitkidən var, ya yox? Başa düşə bilmirəm, siz bu ermənilərə birdəfəlik yox deyə bilmirsinizmi? Yəni bu o qədərmi çətindir?

Nail onun gözlənilməz çıxışı qarşısında əsəbiləşərək:

– Kim buraxıb bunu içəriyə? Atın bayıra! – deyə bağırdı. Abdulla İbrahimovun araya girməsi ilə ortalıq sakitləşdirilsə də, Qorxmaz zaldan çıxarıldı…

Ertəsi gün əsgərlərdən gizlincə Ağdama gələn Qorxmazla Bahəddin bir gün orada qalıb qatarla Bakıya döndülər. Səfərləri nəticəsiz başa çatsa da, ən azından vəziyyətlə yerindəcə tanış olmuş, nomenklaturanın nəsə etməkdən aciz olduğuna bir daha əmin olmuşdular…

Onlar Bakıya dönər-dönməz idarə heyətini toplayıb Qarabağdakı vəziyyət barədə hesabat verdilər. Orada hadisələr medianın işıqlandırdığından daha ağır, daha gərgin idi. İdarə heyətində alınan qərarla insanların Qarabağda, Şuşada baş verənlərdən xəbərdar olunması qərarlaşdırıldı. Öncə məruzə etmək üçün “Sabir bağı”nda təşkil olunan mitinqə dəvət olundular. Ardınca Elmlər Akademiyasının akt zalında da geniş konfrans təşkil olundu və nəhayət, Lenin meydanında ümumxalq mitinqi keçirilməsi qərara alındı.

Noyabrın on altısı axşam ümumxalq mitinqinin keçirilməsi haqqındakı qərardan sonra mitinqi kimin aparacağı sualı ortaya çıxdı. “Yurd”un təsisçilərindən Qorxmaz təşkilatın yeni sədri Əli ilə birlikdə bəyin yanına getdilər. Xeyli məsləhətləşmələrdən sonra aparıcı barədə ortaq məxrəcə gələ bilməyərək yataqxanaya döndülər. Burada Seymurun təklifi ilə mitinqin aparıcı olmadan, Ənvər Əliyevin moderatorluğu ilə keçirilməsi qərara alındı…

17 noyabr… Səhər tezdən müxtəlif istiqamətlərdən axın-axın Lenin meydanına hərəkət edən müxalifətçilərin önü milis barrikadaları ilə kəsilir, insanları geri qaytarmağa, kütləni dağıtmağa çalışılırdı. Lakin nə iştirakçıların kütləvi həbsləri, nə də milisin çəkinmədən tətbiq etdiyi zor yamaclardan axıb göldə qovuşan sel kimi şəhər amfiteatrının küçə və prospektlərindən axın-axın gələn insanları durdurmağa qadir deyildi.

Ermənilərin verdikləri üçgünlük müddət bitdiyi üçün “Topxanada iş gedir, Bakıda nümayiş gedir” şüarlarıyla başlayan mitinq davam etdikcə insanların öz ərazisindəki bir ovuc erməniyə söz keçirə bilməyən hökumətə nifrəti artır, iştirakçıların qəzəbi nəsə etməkdən aciz hökumətə yönəlirdi. Artıq “İstefa!” və “Azadlıq!” şüarları səsləndirilməyə başlanmışdı…

V

Elçin mitinqin fəallarından biri olaraq gah çadırlarda yığılan pula nəzarət edir, gah da gecə-gündüz meydanda qalan hərəkatçılara şəhər sakinləri və tələbələr tərəfindən gətirilən yeməyin paylanmasına nəzarət edirdi. Mitinqin ikinci günü Tibb İnstitutunun tələbələri öz aralarında yemək bişirərək iri qazanlarda yataqxanadan götürüb meydana gəlmişdilər. Onları daşıyan avtobus Hökumət Evinin sağ tərəfindən gəlib meydana yaxınlaşdı. Elçinlə yoldaşları qazanları endirərək yemək çadırlarına aparmaq üçün yaxınlaşdılar. İri qazanı təkbaşına götürüb avtobusdan endirərkən pilləkəndə Elçinin ayağı büdrədi, çalxalanan yemək üstünə sıçradı. Qazanı yerə qoyaraq onu gətirən qızlara tərəf dönüb:

– Bunu niyə ağzına qədər doldurursunuz? Götürüb-qoymaq da olmur, – deyə acıqlı-acıqlı deyindi.

Qızlardan biri irəli gələrək: – Bir qazanı endirə bilmirsən, sonra da bağırırsan, – deyib çantasından çıxardığı dəsmalla onun paltosunun ətəyini sildi. Yoldaşlarından aldığı duzu qalan ləkənin üstünə səpib, – səbirli ol, indi duz yağı özünə çəkər, – dedi.

Göz-gözə gəldilər. Qarşısında dayanan incə, ucaboylu qızın qəhvəyi rəngli iri, badamı gözlərinə baxdıqca ürəyinin sürətlə döyündüyünü hiss etdi. Qaymaq dodaqlarının altından görünən inci dişləri, küləyin uçuşdurduğu uzun ipək saçları, boğazlı qırmızı yun köynəyi, qara ətəyi, çəkmələri və dabanlarına qədər enən paltosu ilə ağlını başından aldı… Özünü toplayıb:

– Bağışlayın, xanım, sizi necə çağırırlar? – deyə soruşdu.

Qız gülərək:

– Ay qız, – deyə cavab verib avtobusa, yeməkləri endirən qızların yanına döndü.

Elçin qızın gözəlliyinin, hazırcavablığının sehrinə qapılmış, yerindəcə quruyub qalmışdı. Bir neçə gün sonra yenidən qarşılaşdılar. Səhərə yaxın idi. Lenin meydanına toplanmış etirazçıların bir qismi soyuğa və yorğunluğa tab gətirməyərək evlərinə, istirahət etməyə getmişdilər. Qalanlar isə orda-burda ocaq qalayıb qızınmağa çalışır, səhərin açılmasını gözləyirdilər. Elçin də dostları ilə çadırlara baş çəkib oradakıları yoluxdu. Ocaqlara yaxınlaşıb ayaqüstü həm yuxularını dağıtmaq, həm də isinmək üçün oturub söhbət edən mitinq iştirakçılarının əhvallarlını xəbər alır, digər ocağın yanına keçirdi. Birdən qulağına bir dəstə qızın xoş rayihə kimi ətrafa yayılan gülüş səsləri gəldi. Səs gələn tərəfə dönəndə onu tanıdı. Bardaş qurub qəzetin üstündə oturmuş, yoldaşlarından hansınınsa danışdığı maraqlı əhvalata qəhqəhə ilə gülürdü. O güldükcə ocağın şəfəqləri üzünü, saçlarını rəngdən-rəngə boyayır, daha da cazibəli edirdi. Ətrafında qızların əyləşdiyi ocağa yaxınlaşıb salam verdi. Qız gülməyi kəsib ona tərəf çevriləndə:

– Xoş gördük, ay qız, – deyə təbəssümlə onu salamladı.

– Xoş gördük, ay oğlan.

– Adım Elçindir, ocağınızın istisinə isinmək olarmı? – deyə soruşdu.

– Əlbəttə, olar, bu ocaq qızınmaq istəyən hər kəs üçündür.

Elçin qıza yaxın bir yerdə əyləşdi. Gün doğarkən o da yerindən qalxıb izdihama qarışdı. Amma axşamkından daha dinc, daha gümrah, daha sevgi dolu idi… Artıq onun qəlbində vətən sevgisi ilə yanaşı, Humayın sevgisi də kök atıb böyüməkdə idi…

VI

Mitinq hələ də davam edirdi. İnsanlar tələbləri yerinə yetirilməyənədək meydanda qalacaqlarını bildirir, dağılışmaqdan imtina edirdilər. Gah Vəzirov, gah da digər yüksək çinli məmurlar gəlib şirin sözlər, yağlı vədlər versələr də, kimsə onlara inanmırdı. Gündüzlər Yaqub Zurufçunun “Ayrılıq” mahnısı ilə duyğulanır, gecələr ocaq başında ayazlı gecələrin iliyə işləyən şaxtasından qorunmağa çalışırdılar. Və günlər keçirdi…

Artıq Bakıda da fövqəladə vəziyyət elan olunmuşdu. Mitinq də qismən uğur qazanmış, bəzi nəticələr əldə olunmuşdu. Dağılışmaq lazım idi. Ancaq kimsə meydanı buraxıb getmək istəmirdi. On illər boyu qəlibə soxulub qaydalar çərçivəsində yaşamağa məcbur edilən xalq meydanı sevmişdi. Meydan onunçün azadlıq deməkdi, hürriyyət deməkdi, duyğularını, düşüncələrini sərbəstcə ifadə edə bilmək deməkdi. İndi sevdiyindən ayrılıb getmək istəmirdi. Xalqa elə gəlirdi ki, sevdiyindən ayrılsa, bir daha ona qovuşa bilməyəcək, sonsuzadək həsrət qalacaq…

Mitinqin aparıcıları sıra ilə kürsüyə yaxınlaşıb mikrofonu götürür, iştirakçıları dağılışmağa dəvət edirdilər. Lakin bu dəvəti edən hər kəs kütlə tərəfindən fitə basılır, qorxaqlıqda, satqınlıqda ittiham olunaraq kürsüdən enməsi tələb olunurdu. Sıra Qorxmaza gəlmişdi. O, mikrofonu götürərək Lenin meydanını dolduran milyon yarım etirazçıya müraciət etdi:

– Eşidirsiniz, mən Qorxmazam!

Meydan kükrəyirdi. Fit səslərini alqış sədaları əvəz etdi. Qorxmazsa təkrar etdi:

– Eşidirsiniz, mən Qorxmazam!

Meydan yenə kükrədi:

– Bildik e, qorxmursan, sözünü de!

Qorxmaz kütləni dağılışmağa dəvət edəndə meydan yenə kükrədi:

– Bəs bayaqdan qorxmurdun, sən də qorxaqmışsan!!!

Və ardından yüksələn fit səsləri… Ertəsi gün dekabrın beşində meydan dəyənəkli milislər tərəfindən dağıdıldı…

VII

Erməni ekstremizmi fonunda Topxana meşələrinin qırılmasına cəhd Sovet hökumətinin idarəetmə sistemindəki naqislikləri üzə çıxarırdı. Haqsızlığa, ədalətsizliyə dözməyən xalq kütlələri Əbülfəz bəyin on illərdir ki, gizlidən-gizliyə qurub inkişaf etdirdiyi milli-azadlıq hərəkatının aşkar fəaliyyətə keçməsinə münbit şərait yaratmışdı. Artıq 1989-cu ildən başlayaraq, Azərbaycadan milli-azadlıq hərəkatı yüksələn xətlə inkişaf edirdi. Yayda AXC qurultayı üçün aparılan bütün hazırlıqlar tamamlandı. 16 iyulda keçirilən təsis konfransında hələ aylar öncə yaradılan AXC özəkləri, “Varlıq”, “Yurd”, “Çənlibel” və digər təşkilatlar onun çətiri altında birləşdilər.

Artıq sovet müstəmləkəçiliyinə, rus istibdadına qarşı vahid cəbhə – Azərbaycan Xalq Cəbhəsi yaradılmışdı. Milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy isə cəbhənin sədri seçilmişdi.

AXC-nin çətiri altında birləşən təşkilatlar nəinki özlərini buraxmadılar, hətta fraksiyalaşaraq fəaliyyətlərinə davam etdilər. Amma istənilən halda bu birləşmə təşkilatın istiqlala gedən yolda əhəmiyyətli addım idi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *